Deyirlər ki, dünyada başımıza gələn bəzi bəlalar imtahan üçündür. Axı Allah hər kəsin imtahandan necə çıxacağını qabaqcadan bilir. Elə isə bu imtahanın nə mənası var?
Dünya həyatında başımıza gələn hadisələrin səbəbi barədə birmənalı fikir yürütmək çətindir. Quran ayəsində buyurulur ki, “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!”(Şura, 30). Bəzi bəla və müsibətlər isə insana sınaq məqsədilə verilə bilər. Doğrudur ki, Allah hər kəsin aqibətini qabaqcadan bilir, çünki bu aqibəti təyin edən də Odur. Amma bu o demək deyil ki, Allah insan üçün sınaq yarada bilməz. Məsələn, məktəbdə də müəllim adətən hər bir şagirdin hansı bilik sahibi olduğunu bilir, şagirdin sinifdə verdiyi cavablar bunu aydın göstərir. Bununla belə, müəllim imtahanlar keçirir. Bu imtahanların əsas məqsədi uşağa hansı səviyyədə olduğunu bildirmək, zəif nöqtələrini ona göstərmək və haqsız bəhanələrini kəsməkdir. Necə ki imtahana müəllimin deyil, şagirdin ehtiyacı var, eləcə də qarşımıza çıxan sınaqlar da Allah üçün deyil, bizim üçündür. Biz bu sınaqlardan düzgün nəticə çıxarmalı, yol verdiyimiz nöqsanları düzəltməliyik.