Talaqla boşanmış şəxslərin bir-birinin boynunda haqqı varmı?
Ərlə arvadın bir-biri üzərində əsas haqları nikah dövründə qüvvədə olur. Nikah müddətində kişi qadının qarşısında, qadın da kişinin qarşısında daşıdığı vəzifələrə görə cavabdehdir, bir-birinin haqqını gözləməli, həddi aşmamalıdırlar. Lakin şəriətin nəzərdə tutduğu şəkildə talaq oxunduqdan və iddə müddəti bitdikdən sonra bu haqlar aradan qalxmış olur. (İddə müddəti bitənə kimi bəzi haqlar öz qüvvəsində qalır. Eləcə də, talaq zamanı kişi qadının mehriyyəsini ona təqdim etməlidir). Boşanmış kişi və qadın öz hərəkətlərində tam sərbəstdirlər, bir-birindən icazə almaları lazım deyil. Əlbəttə, onların hər ikisi övlad qarşısında yenə cavabdehdirlər və övladın haqqı onların boynunda qalır. Ümumilikdə müsəlmanların bir-biri üzərində olan haqları da keçmiş ər ilə arvadın üzərində öz qüvvəsində qalır. Bunun ən mühümü bir-birinin barəsində qeybət etməmək, bir-birinə böhtan atmamaqdır. Aralarındakı nikah pozulsa da, müsəlman kimi yenə bir-biri barəsində həddi aşmamalıdırlar, bunu etsələr, Allah qarşısında günahkar sayılarlar.