Ramazan ayında 1000 rükət müstəhəb namaz qılınması deyilir. Bu namazlar necə qılınmalıdır?
Şəriətə aid kitablarda yazılıb ki, mübarək Ramazan ayının əməllərindən biri də bu ay ərzində üst-üstə min rükət müstəhəb namaz qılmaqdır. Bunların qılınma qaydaları barədə fərqli rəvayətlər vardır. Ən geniş yayılmış variant İmam Təqidən (ə) rəvayət olunan hədisə əsaslanır və Şeyx Müfid bunu öz kitabında qeyd etmişdir. Ramazan ayının ilk 20 axşamında hər gün 20 rükət namaz qılınır. Bu namazlar iki rükət şəklində (sübh namazı kimi) yerinə yetirilir: 8 rükər məğrib namazından sonra, 12 rükət isə işa namazından sonra. Ramazanın son 10 axşamında isə hər gün 30 rükət namaz qılmaq müstəhəbdir (8 rükət məğrib namazından sonra, 22 rükət işa namazından sonra). Bunların cəmi 700 rükət edir. Qalan 300 rükət isə Qədr gecələri arasında bölünür. Belə ki, Ramazanın 19-cü, 21-ci və 23-cü gecələrinin hər birində 100 rükət namaz qılınır (iki rükətlik namazlar formasında). Sonda bir daha qeyd edirik ki, bu namazların qılınması vacib deyil, müstəhəbdir.