İslam suallarda

Həcc ziyarəti zamanı ehram halında selfi şəkil çəkdirmək güzgüyə baxmaq hökmünü daşıyırmı?

Həcc və ümrə ziyarətləri zamanı insan bir neçə gün ərzində ağ rəngli iki ədəd parçaya bürünür və bu zaman ehram halında sayılır. Adındakı “haram” kökündən də məlum olduğu kimi ehram halında olan şəxsə bəzi əməllər qadağandır. Bunların bəzilərini etmək sadəcə haramdır, bəzi əməlləri edəndə isə hətta boynuna kəffarə (cərimə) də gəlir. Cəfəri məzhəbinə görə ehram halında bəzənmək məqsədilə güzgüyə baxmaq haramdır, bunu edən adam günaha yol vermiş olur. Qeyd edək ki, əhli-sünnə məzhəbində ehramlı şəxs üçün bu qadağa yoxdur. Bəzən insanlar belə düşünürlər ki, ehram halında selfi foto və ya video çəkmək də güzgüyə baxmaq hökmünü daşıyır və haramdır. Lakin əvvəldə qeyd etdiyimiz kimi ehramlı şəxsin güzgüyə baxması bəzənmək məqsədi ilə olsa haram sayılır. Məsələn üzündəki yaraya baxıb dərman sürtmək üçün və ya sürücünün avtomobili idarə etməsi üçün güzgüyə baxmaq icazəlidir. Müctəhidlərin əksəriyyətinə görə selfi çəkdirmək də güzgüyə baxmaq hökmünü daşımır və haram deyil. Məlum olduğu qədər yalnız Ayətullahül-üzma Bəşir Nəcəfi selfi kamerasına baxmağı güzgüyə baxmaq hökmündə qəbul edir və haram bilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button