Oruclu şəxsin mülaicəyə getməsi icazəlidirmi?
Orucluq zamanı müəyyən şərtlər daxilində müalicəyə getmək icazəlidir. Amma bu zaman orucu pozan əməllərdən şəkinmək lazımdır. Belə ki, oruclu şəxsin hər hansı maddəni udması (yeyib-içməsi) orucu batil edər – istər bu, qida olsun, istər dərman, istərsə də yeyilməyən hər hansı maddə. Oruc zamanı həm həb, həm də maye şəklində dərman qəbul etmək olmaz. Amma bədənə ağrıkəsici və ya keyləşdirici iynə vurmağın heç bir maneəsi yoxdur. Müctəhidlərin bir çoxu sistem və qidalandırıcı maddələrin bədənə vurulmasını qadağan etsə də, bəzi müctəhidlər (o cümlədən Ayətullah Sistani) bunu da icazəli bilir. Həmçinin, imalə etdirmək də orucu pozan əməllərə aiddir.
Müalicənin bəzi növləri isə orucluq zamanı qadağan olmasa da, bəyənilməz (məkruh) sayılır. Çünki bunlar bədənin zəifləməsinə gətirib-çıxarır, bədəni zəiflədən və insanı qüvvədən salan əməllər isə orucluq zamanı arzuedilməzdir. Məsələn, bədəndən qan aldırmaq (hicamə), diş çəkdirmək və s. bu qəbildəndir. Diş müalicəsi zaman ağrıkəsici iynə vurdurmaq icazəlidir; amma diş çəkdirən zaman diqqət yetirmək lazımdır ki, qan və sairə mayelər udulmasın, onları vaxtında ağızdan çıxarmaq vacibdir.