Fitr bayramının axşamı gələn qonağın fitrə zəkatı hansı şərtlər daxilində ev sahibinin öhdəsində olur?
Şəriətimizə görə, Ramazan ayının son günü məğrib zamanında hər kəs özünün və öhdəsində olan şəxslərin fitrə zəkatını ayırmalı və imkan daxilində tez bir zamanda (bayram namazından əvvəl və ya ən geci bayram gününün günortasına kimi) fəqir şəxsə təqdim etməlidir. Fitrə zəkatı hər bir müsəlmana vacibdir, istər oruc tutmuş olsun, istərsə də üzürlü və ya üzürsüz yerə oruc tutmasın. Bayram axşamı (yəni Ramazan ayının son gününün axşamı) məğrib zamanında (gün batanda) evə gələn qonağın da fitrə zəkatı ev sahibinin öhdəsindədir. İstər qonaq onun fitrəsini ev sahibinin verməsinə razı olsun, istərsə də razı olmasın, istər qonaq getdiyi yerdə yemək yesin, istərsə də yeməsin, – fərqi yoxdur. Lakin bu hökm məğrib zamanı və ya ondan sonra gələn, gecə də həmin evdə qalan qonağa aiddir. Bir şəxs təkcə iftar süfrəsinə dəvət alıb qonaq gələrsə, yeməkdən sonra öz evinə qayıdarsa, bu hökm ona şamil olmaz və öz fitrə zəkatını özü verməlidir.