İslam tarixində ilk minbər haqıında nə məlumdur?

Həzrət Mühəmməd Peyğəmbər (s) ilk zamanlar Mədinə məscidində bir xurma ağacinın kötüyünə dayaqlanaraq xütbə söyləyirdi. Hicrətdən təqribən 7 il sonra Peyğəmbərin məsləhəti ilə bir səhabə qadın öz dülgər oğluna taxtadan minbər düzəltdirdi. Bu minbər üç pillədən ibarət idi, üçüncü pilləsi oturmaq üçün nəzərdə tutulmuşdu. Peyğəmbərimiz (s) vəfat edənə kimi bu minbərin üçüncü pilləsi üzərindən xütbə söyləmişdir. Peyğəmbərin minbəri onun vəfatından sonra xeyli müddət öz yerində qaldı. Müaviyə ibn Əbu Süfyan öz hakimiyyətinə qanuni don geyindirmək üçün minbəri Mədinədən Şama gətizdirmək qərarına gəldi. O, Peyğəmbərin minbəri üzərində xütbə söyləməklə müsəlmanların gözündə daha çox hörmət qazanacağını düşünürdü. Müaviyənin əmri ilə Mədinə valisi Mərvan ibn Həkəm Peyğəmbərin minbərini məsciddən çıxarmaq istəyəndə Günəş tutulması baş verdi. Bunu pis əlamət kimi yozub minbəri öz yerinə qaytardılar. Ona daha 6 pillə əlavə etdilər; beləliklə, pillələrin sayı doqquza çatdı. Hicri 654-cü (miladi 1256-cı) il Mədinə yanğınında Peyğəmbərin minbəri də yanıb aradan getdi.