Namazda sağa və sola salam vermək lazımdırmı?
Hədislərdə buyurulduğuna görə, hər insanın çiynində onun bütün əməllərini qeydə alan bir mələk qərar tutub. Sağ tərəfdəki mələk insanın yaxşı əməllərini (savablarını), sol tərəfdəki mələk isə pis əməllərini (günahlarını) əməl dəftərinə yazır. Ona görə də bu mələklərə ehtiram niyyəti ilə sağa və sola dönərək salam söyləmək dini mətnlərdə qeyd edilib. Əhli-sünnə məzhəbinə görə, namaz bu salamlarla bitir, son rükətdə səcdələrdən sonrakı oturuş zamanı duaları (əttəhiyyat, salavat, Allahummə barik və rəbbəna) söylədikdən sonra əvvəlcə sağa dönüb “əssalamu əleykə və rəhmətullahi və bərəkatuh” söyləmək, sonra sol tərəfə də eyni hərəkəti etmək lazımdır. Bununla namazı bitmiş sayılır. Beləliklə, əhli-sünnə məzhəbində sağa və sola dönərək deyilən salamlar namazın bir hissəsidir.
Şiə məzhəbində isə namaz əvvəldən axıra kimi üzü qibləyə qılınmalı, namazın sonundakı vacib salamlar da mütləq üzü qibləyə söylənməlidir. Yalnız vacib salamları deyib bitirdikdən sonra qiblədən dönmək olar, əks halda namaz pozulmuş sayılır. Şiə məzhəbinə görə namazı bitirdikdən sonra üç dəfə təkbir (Allahu əkbər) söylədikdən sonra əvvəlcə sağa, sonra sola tərəf dönüb salam vermək müstəhəbdir. Adətən risalələrdə yazılmasa da, bəzi şəriət və dua kitablarında namazdan sonra yerinə yetirilən müstəhəb əməllər sırasında bu da qeyd edilir.