Qurani-Kərimin mətnində hərflərin üzərindəki işarələr nə zamandan və kim tərəfindən qoyulmuşdur?
Qurani-Kərimin mətnində hərflərin (samitlərin) üzərindəki işarələrə hərəkə deyirlər. Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Hətta oxşar formalı hərflərin üzərində nöqtə də qoymazdilar. Ərəbistanda şifahi ədəbiyyat, bəlağət sənəti və bununla əlaqədar yaddaş mədəniyyəti yüksək inkişaf etdiyi üçün sözləri hərəkəsiz və nöqtəsiz oxumaq ciddi çətinlik törətmirdi. Lakin İslam dini qeyri-müsəlman xalqların arasında yayıldıqdan sonra bəzi Quran kəlmələrinin hərəkəsində yanlışlığa yol verilirdi. Məsələn, Quranın Tövbə surəsinin 3-cü ayəsindəki “rəsuluhu” kəlməsi səhvən “rəsulihi” oxunsa, kobud səhv yaranır.
Deyilənlərə görə, hərəkələr ilk dəfə Müaviyənin zamanında, Kufə valisi Ziyadın tapşırığı ilə məşhur ərəb qrammatiki Əbul-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd Əhli-beyt tərəfdarı idi, ərəb dilinin qrammatik əsaslarını da İmam Əlinin (ə) tövsiyəsi və rəhbərliyi ilə o hazırlamışdı. Buna görə əvvəlcə tapşırığı yerinə yetirməkdən imtina edir. Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk quran nüsxələrində hərəkələri rənginə görə yazıdan fərqlənən mürəkkəblə qoyurdular.