Malik Əştər hansı millətə məxsus olmuşdur və məzarı haradadır?
İmam Əli ibn Əbu Talibin (ə) ən məşhur səhabələrindən olan Malik ibn Haris Nəxəi ərəb mənşəlidir. Xalq içində bəzən yanlış olaraq ona “Malik Əjdər” deyildiyi üçün (“əjdər” fars dilində əjdaha deməkdir), fars millətindən olduğu təsəvvürü yaranıb. Əslində isə Yərmuk savaşında gözündən yaralandığı üçün ona “əştər” (yırtıq gözlü) ləqəbini vermişdilər və bu ləqəb sırf ərəb sözüdür. Malik Əştər Həzrət Əlinin (ə) ən sadiq səhabəsi və qoşun sərkərdəsi idi, o həzrətin siyasi mübarizəsində və döyüşlərində fəal iştirak etmişdi. Əli ibn Əbu Talib (ə) Mühəmməd ibn Əbu Bəkri Misrə vali təyin etdikdən sonra onun öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini görüb hicr 38-ci ildə (658-659-cu illər) Malik Əştəri onun yerinə Misrə vali təyin etdi. Lakin bundan xəbər tutan Müaviyə onu Misrə çatmadan aradan götürməyə müvəffəq oldu. Malik Əştər öz vəzifəsinin icrasına başlamaq üçün Misrə qədəm qoyanda Müaviyənin muzdlu əlaltılarından biri özünü Əlinin (ə) tərəfdarı kimi göstərib Malikin etimadını qazandı və Qulzum adlı məntəqədə ona zəhərli şərbət içirib şəhid etdi. İmam Əli (ə) Malikin şəhadət xəbərini eşidəndə buyurmuşdu: “Malik nə Malik idi? Onu dağa oxşatsam, tək-tənha və vüqarlı olmağına görədir. Onu daşa bənzətsəm, möhkəmliyinə görədir. Bu dağın zirvəsinə heç bir canlı yuksələ bilməzdi; quşlar belə, ondan yüksəyə qalxmağa qadir deyildi” (Nəhcül-bəlağə, 482-ci hikmətli kəlam). Malik Əştərin məzarı Misirin paytaxtı Qahirədən bir neçə km. şimal-şərq məsafəsində yerləşən əl-Xanikə şəhərinin yaxınlığında yerləşir.