Dini mənbələrdə və klassik ədəbiyyatda adına rast gəldiyimiz Kövsər bulağı haradadır və özəlliyi nədir?
“Kövsər” ərəb dilindən tərcümədə bolluq, çoxluq deməkdir. Qurani-Kərimdə bu adda surə də vardır. Buradakı “kövsər” kəlməsini Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslinə verilmiş bərəkət kimi təfsir edir, surənin də Həzrət Fatimeyi-Zəhra (ə) barədə nazil olduğunu deyirlər. Adətən, hədislərdə və klassik ədəbiyyat nümunələrində cənnətdəki eyniadlı bulağın suyunun axıb töküldüyü hovuzu Kövsər adlandırırlar. Hədislərdən məlum olur ki, Kövsər hovuzunun ölçüləri çox böyük, suyu qar kimi soyuq, südlə qarışmış baldan daha dadlıdır. Ətrafında göydəki ulduzların sayı qədər qədəhlər vardır. Cənnətə layiq görülən möminlər bu hovuzun başında Peyğəmbərlə (s) görüşəcək, onun və yaxınlarının əlindən su ilə dolu qədəh alıb içəcəklər. “Səqəleyn hədisi”ndən görünür ki, Pey¬ğəmbərlə Əhli-beytinin və Quranın görüş yeri də Kövsər hovuzunun kənarı olacaq. Şiə mənbələrinə görə, İmam Əlinin (ə) əsas özəlliklərindən biri də budur ki, cən¬nətdə ona Kövsər hovuzunun kənarında durub öz tərəfdarlarına su içirmək səlahiyyəti veriləcək. Buna görə də dini şeirlərdə İmam Əli (ə) “Saqiyi-Kövsər” ləqəbi ilə vəsf edilir.