İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?
Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz. Amma qəzavü-qədərin bir qismi də var ki, mütləq deyil və dəyişə bilər. Gələcəyi dəyişmək müxtəlif yollarla mümkündür. Məsələn, insan bəzi müstəhəb əməlləri etməklə qarşıdakı bəlalardan amanda qala, qəfil ölümdən, xəstəlikdən xilas ola bilər. Əksinə, bəzi pis əməlləri etməklə də bəlalara düçar olmaq mümkündür. Dua və qarğış vasitəsilə hər hansı şəxsin aqibətinin yaxşılığa ya pisliyə doğru dəyişməsini buna misal göstərə bilərik. Hədislərdə bu barədə müəyyən məlumatlar verilib. Dini terminologiyada qeyri-mütləq qəzavü-qədərin dəyişməsinə “bəda” deyirlər. Bəziləri bədanı yalnız şiə məzhəbinə aid edirlər, halbuki, həm şiə, həm də sünni mənbələrində bəda barədə hədis və rəvayətlər mövcuddur. Məsələn, hədislərdə buyurulub ki, sədəqə vermək, ata-anaya yaxşilıq etmək, qohumlarla rabitə saxlamaq ömrü uzadar.