Ağır xəstəliyə tutulmuş adam nəzir edir ki, əgər sağalsa, namaz qılmağa başlayacaq. Bu nəzir düzgündürmü və ona əməl etmək lazımdırmı?
Namaz hər kəsə vacib olan ibadətdir və heç bir bəhanə ilə tərk edilə bilməz. Qalan bütün ibadət növlərinin vacib olması üçün bəzi şərtlər vardır (məsələn, sağlamlıq, maddi imkan, təhlükəsizlik, səfərdə olmamaq və s.) Amma təkcə namaz üçün heç bir bəhanə yoxdur. Xəstə ya sağlam, qoca ya cavan, varlı ya kasıb, evdə ya səfərdə olmasından asılı lmayaraq hər kəs gündəlik vacib namazları qılmalıdır. Heyz halında olan qadınlardan və ağlını itirmiş psixi xəstələrdən başqa heç bir yetkin şəxs namazdan azad deyil. Bəzən insanlar yanlış olaraq öz vacib ibadətlərini nəzirlə səhv salır və niyyətlərinin həyata keçməsi üçün vacib ibadətləri yerinə yetirməyi nəzir edirlər. Məsələn, problemin həll olacağı və ya xəstəlikdən sağalacağı təqdirdə namaza başlamaq, yaxud Ramazan ayında 3 gün oruc tutmaq niyyəti edirlər. Bu cür nəzir etmək düzgün deyil. Gündəlik namazlar və Ramazan ayının orucu onsuz da insana vacibdir və bunları qeyd-şərtsiz yerinə yetirməlidir. Bu vacib ibadətləri etmək üçün nəyisə şərt qoymaq düzgün deyil. Nəzir edilən əməllər gərək vacibat qismindən olmasın. Hər bir halda o insana namaz qılmaq vacibdir – istər sağlam halda, istərsə də xəstə vəziyyətdə. Çətinliyin həll olması üçünsə başqa bir halal niyyət etməlidir.