Xristian qəbirlərinin üzərində qoyulmuş xaçların aşağı hissəsindəki köndələn dirək nəyi bildirir?
Xaç xristinlığın əsas atributlarından biridir və “İncil”lərdə məlumat verildiyi kimi Həzrət İsanın (ə) çarmıxa çəkilməsini simvolizə edir. (Qeyd edək ki, İslam dini Həzrət İsa Peyğəmbərin (ə) çarmıxa çəkilməsi barədə xristian inancını qəbul etmir). Xristianlığın müxtəlif cərəyanlarına məxsus olan xaçların quruluşu da fərqlidir. Məsələn, katolik və pravoslav kilsələrinə məxsus xaçlar arasında bəzi fərqlər vardır. Pravoslav xaçlarının aşağı hissəsində, uzun üfüqi dirəyin altında nisbətən qısa köndələn dirək olur. Bunun mənası iki cür açıqlanır. Bu izahların biri tarixi məlumatlara, digəri isə “İncil”ə əsaslanır. Birinci izaha görə, keçmişdə çarmıxa çəkilən insanların ayaqlarını qoyması üçün çarmıxın aşağı hissəsində qısa üfüqi dirək olurdu. Çarmıxdakı şəxs ayaqlarını onun üzərinə qoyurdu ki, bədənin ağırlığı altında əzələlər dartılmasın. Amma bəzən həmin dirəyi tam üfüqi deyil, köndələn edirdilər ki, adam müvazinətini ardıcıl saxlaya bilməsin və daha artıq əziyyət çəksin.
İkinci izaha görə, İsa (ə) ilə birlikdə iki nəfər quldur da çarmıxa çəkilmişdi, onların birinin çarmıxı İsanın (ə) sağında, o birisinin çarmıxı isə solunda yerləşirdi. İsanın (ə) sağ tərəfində olan günahkar ona iman gətirdi və bu şəkildə öldü. Sol tərəfdəki quldur isə ölənə kimi ona məsxərə etdi. Xristian inancına kimi, bunların birincisi cənnətə, ikincisi cəhənnəmə getmişdir. Köndələn dirəyin yuxarı ucu cənnəti, aşağı ucu isə cəhənnəmi göstərir.