Başqa evə (həyətə) icazəsiz daxil olmaq günahdır?
İslam dini əxlaqa, ədəb-ərkana xüsusi diqqət yetirir. Başqasının şəxsi (məhrəm) mühitinə icazəsiz daxil olmaq, onun rahatlığını pozmaq dinimizdə qadağan edilib. Hətta bir-birinə məhrəm olan ailə üzvləri (övlad-valideyn, bacı-qardaş) də bir-birinin otağına daxil olanda qabaqcadan xəbərdarlıq etməlidirlər. Ola bilər ki, həmin an otaqdakı şəxsin geyimi qonaq qəbul etməyə uyğun olmasın, yaxud başqasının görməsi gərəkməyən işlə məşğul olsun. Qurani-Kərimdə hətta övladlara tövsiyə edilir ki, valideynin otağına girmək istəyəndə icazə alsınlar: “Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izn istəsinlər” (Nur, 59).
Başqasının evinə girməzdən əvvəl mütləq icazə almaq, xəbərdarlıq etmək, qapını döymək, içəridən icazə səsi eşitdikdən sonra daxil olmaq lazımdır. Müqəddəslərimiz hətta qapını döyəndən sonra bir qədər kənara çəkilirdilər ki, qapını açan adamla üz-üzə durmasınlar və qapı açılanda evin içini görməsinlər.