Niyə insan qəlbi dini mənbələrdə Kəbəyə bənzədilir?
İslam dini insanlararası münasibətlərə ciddi əhəmiyyət verir, qarşılıqlı hörmət və sevgini təbliğ edir, düşmənçiliyi, kin-küdurəti bəyənmir. Möminin qəlbi dinimizdə çox möhtərəm sayılır. Bəzi hədislərə görə qəlb yeganə şeydir ki, heç yerə sığışmayan Alah onun içinə sığışır. Həzrət Peyğəmbərdən (s) soruşdular: “Allah hara¬dadır: yerdə ya göydə?” Cavab verdi: “Allah mömin bəndələrinin qəlbindədir”. Hədisi-qüdsiyə görə Allah buyurub: “Mən nə yerə, nə də səmaya yerləşərəm. Yalnız mömin bəndəmin yumşaq və aram qəlbinə yerləşərəm”.
Sufilərin düşüncəsində Kəbə insanın qəlbinə bənzədilir, hətta qəlb ondan daha üstün tutulur.. Kəbə “Allahın evi” (beytullah) adlandığı kimi insan qəlbi də Allahın məkanıdır. Ariflərin əsərlərində yazılıb ki, insan qəlbini qırmaq Kəbəni dəfələrlə dağıtmaqdan daha böyük günahdır. Onlar bu qəbildən olan hədislərə istinad edirdilər: “Hər kim haqsız yerə fəqir mömini incitsə, on dəfə Kəbəni dağıtmış və Allah dərgahına ən yaxın olan min mələyi öldürmüş kimidir”.
Böyük filosof və din alimi Molla Sədra “Üsul əl-Kafi”yə yazdığı şərhdə Kəbə evini möminin qəlbi ilə müqayisə etmiş və bunların arasında irfani baxımdan maraqlı paralellər aparmışdır.