Qüdsi hədislə Quran ayəsi arasında hansı fərqlər vardır?

Qüdsi hədis adi hədislə ayə arasında yer alan bir rəvayət növüdür. Vəhy, yəni Quran ayəsi həm məzmun, həm də forma baxımından Allahın kəlamıdır və toxunulmazdır. Yəni Quran ayəsi Peyğəmbərə (s) hansı şəkildə nazil olubsa, o da ayəni həmin şəkildə müsəlmanlara ötürüb. Quran ayələri günümüzə kimi dəyişilmədən gəlib-çatıb. Hədisi-qüdsi isə məzmun baxımından Allaha, forma baxımından Peyğəmbərə (s) aid olan kəlamdır. Yəni Allah-Taala müəyyən mətləbləri Peyğəmbərin (s) qəlbinə ötürüb, o da həmin mətləbi söz şəklinə salaraq səhabələrə çatdırıb. Bu, ayə ilə hədisi-qüdsi arasındakı əsas fərqdir. Digər fərq bundn ibarətdir ki, namazda yalnız Quran ayəsi oxumaq düzgün sayılır, qiraət yerində hədisi-qüdsi oxumaq namazı batil edər. Daha bir fərq budur ki, bütövlükdə Quranı və ya onun bir ayəsini inkar edən, düzgün saymayan insan müsəlmanlıqdan çıxar. Amma hər hansı sübut gətirərək hədisi-qüdsini inkar etmək insanı İslam dinindən çıxarmaz.