Deyirlər ki, salamın cavabını hər zaman, hətta namaz zamanı da vermək lazımdır. Bu fikir doğrudurmu?
Dinimizdə salam çox bəyənilən məsələlərdən biridir. Salam insanlar arasında mehribanlıq və ünsiyyət yaradır, güvən yaradır. Salam verməklə insanlar bir-birinə salamatlıq arzu etmiş olurlar. Hədislərdə salam verməyin müstəhəb olması barədə çox təkid edilmişdir. Müstəhəbdir ki, süvari adam piyadaya, ayaq üstə duran adam oturana, yol keçən yerində durana, tək adam topluma salam versin. Xüsusilə kiçiklərin özlərindən böyüyə salam vermələri bəyənilən əməldir, İslam tərbiyəsinin əsaslarından biridir. Amma verilən salamı almaq daha mühümdür və vacibdir.
Şəriətə görə hər bir halda verilən salamın cavabı deyilməldir, hətta salamın cavabını ondan daha yaxşı və geniş şəkildə söyləmək müstəhəbdir. Salamın cavabını vermək o qədər vacibdir ki, hətta namaz qılan adama salam versələr (əgər salam tək ona verilibsə), namazın sözlərini saxlayıb qiblədən dönmədən və artıq söz demədən “salam” və ya “səlamun əleyk(um)” şəkilndə cavab verməsi lazımdır. Əgər salamın cavabını verməsə namazı düzgündür, amma günah etmiş sayılır.