Bir adam ölərkən öhdəsində başqa şəxsin haqqı varsa və həmin şəxsdən halallıq almayıbsa, bu zaman onun ruhuna cəza verilirmi?
İslam dinində insan haqqı ən mühüm məsələlərindən sayılır. Hər bir müsəlman başqasının hüquqlarına riayət etməli, heç kəsin haqqını yeməməlidir. İnsan haqqına təcavüz etmək ən böyük günahlardan sayılır. Buna görə həm bu dünyada, həm də axirətdə cəza nəzərdə tutulub. Boynunda başqasının haqqı var ikən dünyasını dəyişən adam həm qəbir əzabına, həm də axirətdə cazəya məruz qalacaq. Hətta hədisə görə, Allah-Taala qiyamət günündə bəndə haqqından başqa bütün günahları bağışlaya bilər, təkcə boynunda bəndə haqqı olana halallıq almayınca bağışlanma şamil olmaz. Ona görə müsəlman şəxsi dəfn edərkən adətən hüzür mərasimində iştirak edənlərdən ona halallıq vermələri xahiş olunur. Əgər mərhumun boynunda kiminsə haqqı varsa və sağlığında halallıq almayıbsa, yaxşı olar ki, mərhumun varisləri həmin adamla görüşüb ondan halallıq alsınlar. Əgər söhbət maddi haqdan gedirsə, həmin məbləği və ya malı verməklə olsa belə, halallıq almaq lazımdır. Əgər həmin şəxs özü halallıq verərsə və bunu səmimi şəkildə söylədiyi qənaəti yaranarsa, bu halda ölənin boynundan haqq silinmiş olar. Bunu da qeyd edək ki, dinimizdə bağışlamaq və əfv etmək ən savab əməllərdən sayılır. Öz haqqını başqasına halal edən şəxs özü də başqaları tərəfindən bağışlanmağa ümid edə bilər.