Vəqf nə deməkdir?
Ərəb dilindən tərcümədə vəqf – saxlamaq, durdurmaq mənasını verir. Dini terminologiyaya görə vəqf müəyyən məkana və ya müəssisəyə ayrılmış əmlakdır. Bu əmlak daşınmaz (torpaq, mülk) və ya daşınan (əşya) şəklində ola bilər. Vəqfdən yalnız təyinatı üzrə istifadə etmək olar. Məsələn, əgər torpaq sahəsi bir ziyarətgaha vəqf edilibsə, həmin torpağın bütün qazancı o ziyarətgaha məxsusdur. Vəqfin idarəçisi (mütəvəllisi) həmin qazancdan şəriətə uyğun şəkildə istifadə etmək yollarını müəyyən edir. O qazanc ziyarətgahın təmirinə, maddi təchizatına, xidmətçilərin dolanışığına və s. sərf edilir, artıq qalan hissə ziyarətgahın adından xeyriyyə işlərinə yönləndirilir. Çox zaman müsəlmanlar məscidlərə müəyyən əmlakı vəqf edirlər. (məsələn, xalça, Quran, canamaz və s.) Bu əşyaları məsciddən kənara çıxarmaq, özününküləşdirmək günahdır. Çünki həmin əşyalar məscidə gələn bütün müsəlmanların ümumi istifadəsi üçün nəzərdə tutulub.