Həyətdə səkinin üstünə nəcasət dağılıbsa, onu necə pak etmək olar?
Nəcasətin pak edilməsinin bir neçə növü vardır ki, nəcasətin növündən, bulaşmış əşyanın və ya məkanın necəliyindən və digər şərtlərdən asılı olaraq bunlar dəyişir. Əgər açıq havada yerləşən, sərt səthi olan səkinin üzəri nəcasətə bulaşmışsa, ilk növbədə nəcasəti süpürüb təmizləmək lazımdır. Bundan sonra səkinin pak edilməsinə keçmək olar. Səki həm təbii, həm də qeyri-təbii üsulla pak edilə bilər. Təbii üsul bundan ibarətdir ki, nəcasətin özünü təmizlədikdən sonra həmin yeri su ilə isladıb günəşin birbaşa şüasının o yerə düşməsini təmin etmək lazımdır. İsladılmış sahə gün şüası ilə tam quruduqda pak edilmiş sayılacaq. Əgər həmin yerə birbaşa gün şüası düşmürsə, bu halda qeyri-təbii yolla pak edilmə üsulu seçilər bilər. Bunun üçün səkinin bir tərəfində çuxur qazımaq, sonra səkinin üzərinə su tökmək lazımdır. Su elə miqdarda və elə qaydada tökülməlidir ki, bütün bulaşmış sahəni tam əhatə etsin və axıb töküləcək qədər çox olsun. Axan suyun istiqamətini həmin çuxura sarı yönəltmək məsləhətdir. Su səkinin üstündən axıb töküldükdən sonra o yer pak sayılır. Çuxurdakı suyun isə torpağa hopmasını və ya buxarlanmasını gözləmək, sonra üzərini təmiz torpaqla örtmək lazımdır.