İslam dini reinkarnasiyanı qəbul edirmi?
Reinkarnasiya, yəni ruhun bir bədəndən digərinə keçməsi əsasən qeyri-İslami dinlərə xasdır. Bu inanc əsasən Uzaq Şərq dinlərində yayılmışdır. Reinkarnasiya bir insanın öldükdən sonra ruhunun başqa insan və ya hətta heyvan bədənində yenidən dünyaya gəlməsi şəklində təsəvvür edilir. İslamda bunu tənasüx (bir formadan başqa formaya düşmək, dəyişmək) adlandırırlar. Lakin ənənəvi İslam dini tənasüxü rədd edir. İslam inancına görə hər ruh fərdi olaraq bir bədənə bağlıdır, ruh hər bir insanın fərdi varlığıdır, onun identifikasiyasıdır. Ruh başqa ruhla qarışıq düşə, dəyişilə bilməz. Qiyamətdə hər ruh özünə bağlı olan bədənlə birlikdə Allahın hüzurunda cavab verəcək. Əgər bir ruh yerini dəfələrlə dəyişsə, o halda hansı bədəndəki həyatına görə qiyamətdə sorğu-sual olunacaq? Bu və digər səbəblər üzündən ənənəvi İslam dini tənasüxü doğru saymır. Lakin özünü İslama aid edən və keçmiş zamanlarda mövcud olmuş bəzi cərəyanlar tənasüxə inanmışlar; bu cərəyanların ənənəvi İslamla əlaqəsi yoxdur.