Oruc insan hələ sübh azanı verilmədiyini düşünərək yeməyə davam etsə, sonra sübh azanı verildiyini bilsə, həmin gün nə etməlidir?
Oxucu sual verir
Əvvəla, bunu qeyd edək ki, qəsdən, oruc vaxtı olduğunu bilərək yemək yeyən şəxsin boynuna həm qəza, həm də kəffarə gəlir, yəni Ramazan ayı bitdikdən sonra həmin günün orucunu qəza etməli, üstəlik, kəffarə də ödəməlidir.
Əksinə, bir şəxs orucunu bilməyərəkdən pozsa, məsələn, oruc olduğunu unudub qeyri-ixtiyari olaraq nəsə yesə, orucu düzgündür və əlavə heç nə tələb olunmur.
Amma əgər bir şəxs hər hansı əlamətlər əsasında (məsələn, saata baxmaq, kimdənsə soruşmaq, vaxtından gec verilmiş azan səsini eşitməklə) hələ imsak vaxtı çatmadığını düşünsə və yeməyə davam etsə, daha sonra araşdıraraq həmin vaxt artıq imsak olduğunu bilsə, gərək həmin gün oruc tutmağa davam etsin, orucunu pozmasın, Ramazan ayı bitdikdən sonra da o günün orucunu qəza etsin. Kəffarə verməsi lazım deyil, təkcə qəza orucu kifayət edir.
Eləcə də, oruc tutan şəxsə başqası imsak vaxtı olduğunu desə, o isə bunu zarafat ya səhv sayıb yeməyə davam etsə, daha sonra o adamın sözünün düz olduğunu anlasa, hökm eynidir. Yəni həmin gün orucu davam etdirməli, sonra qəza orucu tutmalıdır, kəffarə lazım deyil.