Məşhəddəki Piri-palanduz ziyarətgahında kim dəfn edilib?
Məşhəd şəhərində hərəmin şimal tərəfində mövcud olan Piri-palanduz ziyarətgahı XVI əsrdən bəri məlumdur. Burada öz dövrünün məşhur sufilərindən olan Şeyx Məhəmməd Karəndeyi dəfn edilmişdir. O, şiə məzhəbinə aid zəhəbiyyə təriqətinin qütbü (baş mürşidi) idi, əlinin zəhməti ilə dolanırdı. Palan tikərək satdığı üçün “piri-palanduz” (palan tikən qoca) ləqəbi ilə tanınırdı. Şeyx Məhəmmədin xəlifələri (canişinləri) ondan sonra geniş təbliğat işi ilə məşğul olmuşlar, Şeyx Bəhai və Feyz Kaşani kimi böyük alimlər bu məktəbin yetirmələridir. Bəzi məlumatlara görə Piri-palanduz yazıb-oxumağı bacarmırdı, amma bəzi məlumatlara görə o, natamam Quran nüsxəsi köçürmüşdür. Onun xeyli kəramətləri vardı, bu barədə məşhur rəvayətlər mövcuddur. Piri-palanduz türbəsi Səfəvilər zamanında və bir qədər sonralar da indikindən daha məşhur və iri ziyarətgah olmuşdur.