Müctəhidlərdən biri müəyyən əməli halal, o biri isə haram bilir. Burada səhv edən müctəhid və ona təqlid edən şəxs günah qazanırmı?
Müctəhid hər hansı şəriət hökmünü dini mətnlər (Quran və hədis) əsasında, eləcə də bəzi metodlar vasitəsilə əsaslandırmaq gücünə malik olan şəxsdir. Onun öz elmini tətbiq edərək gəldiyi qərar özü üçün hüccətdir (sübutdur). Bir və bir neçə müctəhid digər müctəhidlərdən daha elmli sayılırlarsa, ictihad bacarığı olmayan şəxslər də onlara təqlid etməlidirlər. Bu cür müctəhidlərə mərceyi-təqlid (yəni təqlid üçün müraciət edilən şəxs) deyirlər. Şəriət hökmlərinin mənbəyi olan Quran ayələrinə və hədislərə, eləcə də ictihad metodlarının tətbiq şərtlərinə verilən izahlar hər müctəhidin baxış tərzindən asılıdır. Müctəhid öz elmi və bacarığı səviyyəsində şəriət hökmlərini əsaslandırır və fətva verir. Əgər iki mərceyi-təqlid ictihad qaydalarına zidd olmayan yolla gedib fərqli nəticələr alsalar, onların heç biri günah qazanmır. Çünki onlar həqiqəti aşkara çıxarmağa və şəriət hökmünün əsl səbəbini tapmağa çalışmışlar. Buna görə mərceyi-təlidin ədalətli və təqvalı olması da şərtdir. Ədalətli və təqvalı müctəhid dini hökmləri əsaslandırarkən öz nəfsinə uymaz, yalnız həqiqəti aşkara çıxarmaq üçün çalışar, buna görə hətta yanlışlığa düşsə belə, nə özü, nə də ona təqlid edənlər günah qazanmazlar.