Cümə günü münasibətilə bir-birini təbrik etmək icazəlidirmi?
Cümə günü həftənin günləri arasında ən seçilmişidir. İslam tarixi boyunca müsəlman ölkələrində cümə günləri istirahət günü sayılmış, bəzi dövlət idarələri tətil etmişdir. Qurani-Kərimin 114 surəsindən biri “Cümə” adlanır və bu surədə cümə namazını qılmaq təşviq olunur. Müsəlmanların cümə günü münasibətilə bir-birini təbrik etmələri tamamilə normal və icazəli hərəkətdir. Bu davranışı günah və bidət saymaq düzgün deyil. Son zamanlar dini hökmlərə və ənənələrə təftişçi gözlə baxan bəzi radikal təriqətlər cümə gününün təbrikini də bidət adlandırır və müsəlmanlara bunu qadağan etməyə çalışırlar. Cümə günündə bəzi mübarək hadisələr baş vermişdir, Quranda adı çəkilən cümə namazı bu gün qılınır, müstəhəb cümə qüslü alınır, bəzi əməllər üçün cümə günü müstəhəb vaxt sayılır. Bütün bunları nəzərə alaraq cümə gününün müsəlmanlar tərəfindən qeyd edilməsi və sevilməsi qətiyyən günah sayıla bilməz.