Övladın da valideyn üzərində haqqı varmı?
Dini kitablarda və söhbətlərdə adətən valideynin övlad üzərində haqlarından daha çox danışılır, lakin övladın da valideyn üzərində bəzi haqları vardır, valideyn bu haqlara riayət etməyə borcludur. Övladın haqları əsasən bəzi Quran ayələrində və məsumların hədislərində şərh edilmişdir. Bu haqlara aşağıdakılar aiddir: həyat haqqı (valideyn istər ana bətnində, istərsə də doğulduqdan sonra öz övladını yaşatmağa borcludur), qida haqqı (fizioloji baxımdan maneçilik olmadığı halda övladı 2 ilə kimi ana südü ilə əmizdirmək və ya bundan ötrü dayə tutmaq), uşaq qazanc yaşına çatana kimi onun maddi təminatını halal yolla ödəmək, uşağa yaxşı ad qoymaq (dini tələblərə uyğun olan və böyüyəndə uşağı utandırmayan ad nəzərdə tutulur), ona oxuyub-yazmağı və Quranı öyrətmək, ona yaxşı tərbiyə vermək, evlənmək (ərə getmək) yaşına çatdıqda onun ailə qurmasına yardım etmək və s. Valideynlər bütün bu haqlar barədə Allah qarşısında cavabdehdirlər və bunlara qəsdən riayət etmədikləri təqdirdə günah qazanırlar.