Yalançı və doğru fəcr (gündoğumu) vaxtı nə deməkdir?
İslam şəriətində Günəşin doğuşu iki terminlə ifadə edilir: fəcri-kazib (yalançı gündoğumu) və fəcri-sadiq (doğru, həqiqi gündoğumu). Gecənin sonunda Günəş hələ üfüqün arxasında olduğu zaman şərq tərəfdə ağ rəngdə bir işıqlanma üfüq boyunca dik şəkildə yuxarıya doğru yüksəlməyə başlayır. Bu, yalançı (vaxtından tez) gündoğma adlanır. Bu zaman hələ sübh anı gerçəkləşməyib, sübh namazının vaxtı girməyib. Yalançı gündoğma ideal qaranlıq mühitdə görünür, şəhər şəraitində onu müşahidə etmək qeyri-mümkün dərəcədə çətindir. Bir neçə dəqiqədən sonra bütün üfüq boyunca işıqlı xətt görünməyə başlayır və tədricən üfüq üzrə yüksəlir. Bu, üfüq arxasındakı Günəşin həqiqi şüalarıdır. Həmin an əsl gündoğumu (fəcri-sadiq) başlamış olur. Sübh namazını bundan sonra qılmaq, orucu bu andan başlamaq lazımdır. Fəcri-sadiqin nə zaman daxil olması barədə müsəlman alimləri və astronomik qurumlar arasında müəyyən fikir ayrılıqları mövcuddur.