İslam suallarda

Camaat namazında hansı cərgədə durmağın bir fərqi varmı?

Camaat namazı müsəlmanların vəhdətini göstərən bir ibadətdir. Bu namazda bütün insanlar Allah qarşısında bərabər şəkildə cərgə ilə durub ibadət edirlər. Hansı cərgədə durmağın heç bir fərqi yoxdur. Camaat namazının birinci ya sonuncu cərgəsində durmaq insanın nə imanını, nə də Allah qarşısında yerini müəyyən edir. Bəzən insanlar xudpəsəndlik üzündən camaat namazının ilk cərgələrində durmağa çalışır, buna nail olmadıqda kədərlənirlər. Halbuki, belə bir düşüncə müsəlmana yaraşmaz. Lakin insanlar arasında belə bir fikir formalaşıb ki, adətən camaat namazında daha imanlı, savadlı, cəmiyyət içində hörməti olan və yaşlı insanları ilk cərgələrə keçirirlər. Bu, adət-ənənədən, dindar və yaşlı insanlara hörmətdən irəli gələn məsələdir. Bu ənənəyə əməl etmək dini cəhətdən vacib olmasa da, məsləhətdir. Əgər imam-camaat müəyyən səbəb üzündən namazı davam etdirə bilməsə – məsələn, huşunu itirsə, dəstəmazı pozulsa və s. – bu halda ilk cərgədə duran şəxslərdən biri qabağa keçib onu əvəz etməlidir. Bunu isə dini hökmləri bilən, ədalətli və qiraəti düzgün olan şəxs etməlidir. Eləcə də, əgər imam-camaat rükətlərin sayında şəkkə düşsə, adətən birinci cərgədə duranlardan biri namaza aid zikrləri deməklə ona yardım edir və hansı rükətdə olduğunu ona xatırladır. Bunun da qaydalarını bilmək lazımdır, ona görə bu qaydaları bilən şəxslərin ilk cərgədə durmaları məsləhətdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button