Həzrət Mühəmməd Peyğəmbərin (s) oğlu olmuşdurmu?
Qurani-Kərimin “Əhzab” surəsinin 40-cı ayəsində buyurulur: “Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir”. Bu ayədən məlum olur ki, Peyğəmbərin oğul övladı olmamışdır, daha doğrusu, o həzrətin oğulları doğulmuş, amma ayə nazil olmazdan qabaq dünyalarını dəyişmişlər. Peyğəmbər vəfat etdikdən sonra özündən sonra oğul övladı qoymamışdır. Bunun səbəbi barədə nəzəriyyələr irəli sürülmüşdür. Onlardan biri bundan ibarətdir ki, əgər Həzrət Mühəmməddən (s) sonra oğul övladı qalsaydı, insanlar onun peyğəmbər olduğunu və atasından bu ilahi vəzifəni miras aldığını düşünərdilər. Keçmiş peyğəmbərlərdən bəzilərinin oğullarının da peyğəmbər olması bu düşüncəyə əsas verə bilərdi. Halbuki, ayənin davamında buyurulduğu kimi Həzrət Mühəmməd (s) “peyğəmbərlərin möhürü”, yəni sonuncusu idi. O həzrətin Xədicə xanım ilə izdivacından Qasim və Tahir adlı oğulları doğulmuş, amma körpə ikən vəfat etmişlər. Peyğəmbərin misirli Mariya adlı qadından doğulmuş oğlu İbrahim də iki ilə yaxın yaşadıqdan sonra 631-ci ildə dünyasını dəyişmişdir. Onun dəfni zamanı Günəş tutulmuş, bəzi müsəlmanlar bu hadisəni İbrahimin vəfatı ilə əlaqələndirməyə çalışsalar da, Peyğəmbər bu mövhumatçı düşüncənin əleyhinə çıxaraq Günəş tutulması ilə oğlunun vəfatı (dəfni) arasında heç bir əlaqə olmadığını diqqətə çatdırmışdır.