Səfəvilər sülaləsinin seyid olması barədə yazılanlar düzgündürmü? Əgər düzgündürsə, bu, onların türk mənşəli sayılmasına maneçilik törədirmi?
Səfəvilər sülaləsinin etnik mənşəyi tədqiqatçılar arasında fikir ayrılığı olan məsələlərdəndir. Bəzi tədqiqatçılar Səfəvilərin kürd və ya fars mənşəli olmasını iddia etsələr də, onların sübutları yetərsizdir və əksər hallarda qərəzli xarakter daşıyır. Mötəbər mənbələrdəki məlumatlar ilk səfəvi şeyxlərinin türk mənşəli olduğunu və müasirləri tərəfindən də türk sayıldığını göstərir. Lakin bu, onların seyid olmasını və Peyğəmbər nəslinə mənsubluğunu da inkar etmir. Tarixdən məlumdur ki, qeyri-ərəb ölkələrində məskunlaşmış və yerli xalqlarla qaynayıb-qarışmış seyid nəsilləri zaman keçdikcə milli mənsubiyyət qazanmışlar. Azərbaycanda yaşayan seyid nəsilləri buna sübutdur, onlar azərbaycanlı (türk) sayılır və bu identifikasiya ilə tanınırlar. Səfəvilərin seyid olduqlarını göstərən ən qədim mənbələrdən biri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından az sonra oğlunun sifarişi ilə qələmə alınmış “Səfvət əl-səfa” əsəridir. Burada Səfəvilər sülaləsinin kökük İmam Musa Kazimin (ə) oğlu imamzadə Həmzəyə bağlanır. Bəzi tədqiqatçılar “Səfvət əl-səfa” kitabının I Şah Təhmasibin göstərişi ilə redaktə edildiyini və nəsil şəcərəsinin də guya o zamanlar kitaba artırıldığını iddia edirlər, lakin bu iddia tam şəkildə öz təsdiqini tapmamışdır. Ənsab (genealogiya) elmi ilə məşğul olan bəzi məşhur müsəlman alimləri də öz əsərlərində Səfəvilərin Əhli-beytdən və İmam Kazimin (ə) nəslindən olduğunu təsdiq etmişlər.