İnsan namaz qılmaq üçün pak yer tapa bilməsə, nə etməlidir?
Namazın müqəddimatı ilə bağlı şərtlərə (yəni namazdan əvvəlki şərtlərə) bəzi məsələlər aiddir ki, onlara mütləq riayət olunmalıdır. Namaz qılan şəxsin bədəninin və paltarının, namaz məkanının, namaz qılınan zamanın şərtləri bura aiddir. Əgər bu şərtlərə riayət olunmasa, namazın düzgünlüyü şübhə altına düşər. Namaz məkanı ilə bağlı şərtlərdən biri də paklıqla əlaqəlidir. Namaz qılınan məkan deyərkən insanın namaz qılan zaman tutduğu sahə başa düşülür. Əgər namaz qılmaq üçün pak yer tapmaq mümkün deyilsə, o halda yerə təmiz parça və ya hətta karton döşəyib, üzərində durmaq olar. Əgər bu da heç cür mümkün olmasa, ən azından səcdə zamanı alın qoyulan yerin pak olmasını təmin etmək şərtdir. Bu, son icazə verilən haldır. Səcdə yerinin pak olması namazın mütləq şərtidir, bunun üçün kiçik bir möhür və ya səcdə edilməsinə icazə verilən əşya ya da möhür ölçüsündə təmiz torpaq sahəsi kifayət edər.