İslam tarixi barədə kitablarda adına rast gəlinən Həlimə xanım (Həlimeyi-Sədiyyə) kimdir?
Həlimə Həzrət Mühəmməd Peyğəmbərin (s) süd anasının adıdır, Bəni-Səd qəbiləsindən olduğuna görə onu kitablarda Həlimeyi-Sədiyyə adı ilə qeyd etmişlər. Məkkəlilər yeni doğulmuş uşaqları 5 yaşına kimi ətrafdakı bədəvi (köçəri) qəbilələrin öhdəsinə verərdilər. Səhranın havası şəhər havasına nisbətən daha təmiz idi, həm də bədəvi qəbilələrin danışıq dili daha təmiz və səlis sayılırdı. Ona görə də uşaq dil açanda səlis ərəb dilini eşitsin deyə, körpələri tərbiyə etmək üçün bədəvi qəbilələlərə həvalə edirdilər. Həzrət Mühəmmədin (s) babası Əbdülmüttəlib də öz nəvəsini Həlimeyi-Sədiyyəyə vermişdi. Balaca Mühəmməd (s) bu ailədə 5 il yaşadı, həmin müddətdə Həlimənin südünü içdi. Peyğəmbər sonralar da Həlimeyi-Sədiyyəni, onun həyat yoldaşını və uşaqlarını (öz süd qardaşını və süd bacısını) xeyir-dua ilə yad edir, onlarla görüşəndə ən yüksək səviyyədə ehtiram nümayiş etdirirdi.