Əqəbə beyəti hadisəsi nədir?

Həzrət Mühəmməd peyğəmbərin (s) həyatından bəhs edən bütün kitablarda bu hadisə xatırlanmışdır. Həzrət Mühəmməd (s) hələ Məkkədə yaşadığı zaman onun göndərdiyi müsəlmanlar Yəsrib şəhərində (Mədinə o zamanlar belə adlanırdı) İslamı təbliğ edirdilər. Bir müddətdən sonra Yəsribdə müsəlman icması yarandı və onlar peyğəmbəri öz şəhərlərinə dəvət etmək qərarına gəldilər. Məkkədə qalmaq dözülməz həddə çatdığından bu dəvət Peyğəmbərimiz üçün də əlverişli oldu. Peyğəmbərliyin 11-ci ilində Məkkədən 3 km. məsafədəki Əqəbə adlı məkanda Yəsribin Xəzrəc qəbiləsinə mənsub 6 nəfər o həzrətlə görüşüb müsəlman olduqlarını elan etdilər. Növbəti il 12 nəfərlik, daha o biri il (peyğəmbərliyin 13-cü ili) 75 nəfərlik nümayəndə heyəti həmin məkanda Peyğəmbərlə görüşüb ona beyət etdi. Bu üç görüşü birinci, ikinci və üçüncü Əqəbə beyətləri adlandırdılar. Əqəbə beyətləri İslam tarixində mühüm dönüş nöqtəsi sayılır. Bu hadisələr hicrət üçün hazırlıq və zəmin rolunu oynamışdır.