İslam suallarda

Qurani-Kərimdə şəhidlər haqqında ayədə buyurulur ki, onlara Allahın yanında ruzi verilir. Burada “Allahın yanı” haradır?

Şəhidlər Allahın ən sevimli bəndələridir, Allah onlara ölümlərin ən üstünü olan şəhidliyi qismət etmişdir. Quranda və hədislərdə şəhidlərin dəyəri barədə çoxlu məlumatlar mövcuddur. O cümlədən, Ali-İmran surəsinin 169-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. Bu ayədəki ifadələrin təfsiri barədə dini kitablarda çox yazılmışdır. O cümlədən, ayədəki “Rəbbin yanı” ifadəsi də İslam etiqadı baxımından belə izah edilmişdir: Allah-Taala cism deyildir və məkanı yoxdur, çünki O, məkana yerləşməkdən daha ucadır. Allahın məkanı olmadığı üçün onun yer mənasında yanı və hüzuru da yoxdur. Bu ayədə və digər ayələrdə, hədislərdə buyurulan, insanların da öz danışıqlarında işlətdikləri “Allah yanında”, “Allahın hüzurunda” ifadələrində məcazi məna nəzərdə tutulub. Hər yer Allahın nəzarəti altındadır və Onun hüzurudur. Amma Allahın mərhəmətinin və qüdrətinin yüksək dərəcəsini göstərmək məqsədi ilə bu kimi ifadələrdən istifadə edilir. Burada “Allahın yanında olmaq” uca məqamda olmaq, Allahın xüsusi nemətlərinə və rəhmətinə layiq olmaq mənasını verir. Şəhidlər axirət aləmində bütün digər ölülərdən daha artıq dərəcədə ilahi nemətlərdən faydalanlırlar. Bunun necəliyini tam şəkildə dərk etmək bu dünyada yaşayan insanlar üçün çətindir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button