Qaytarmaq (yediyini qusmaq) orucu pozurmu?
İslam şəriətinə görə bəzi əməllər orucu pozar və həmin əməlləri edən şəxsin orucu batil olar. Bunlar ətraflı şəkildə şəriət kitablarında (müctəhidlərin risalələrində və elmi-hal kitablarında) izah edilib. Orucu pozan əməllərdən biri də qəsdən qusmaqdır. Diqqət edilməlidir ki, hər hansı xəstəlik üzündən və ya başqa səbəbdən qeyri-ixtiyari olaraq qusan adamın orucu pozulmaz. Qeyri-ixtiyari olaraq qusan adam gün ərzində orucunu davam etdirməlidir və orucu pozan digər əməllərə yol verməməlidir. Amma insan özü bilərəkdən, nə etdiyinin fərqinə vararaq qussa, orucu pozular. Məsələn, hətta mədəsində yüngüllük yaratmaq, zəhərlənmənin qarşısını almaq məqsədi ilə olsa belə barmağını boğazına salaraq özünü qusmağa məcbur etsə, həmin günün orucu pozulur. Bu zaman onun öhdəsinə kəffarə gəlmir, yalnız Ramazan ayı bitdikdən sonra növbəti Ramazana kimi həmin günün orucunu qəza etsə kifayətdir. Oruc tutmuş şəxs gəyirməklə bağlı ehtiyatlı davranmalıdır. Öz-özlüyündə gəyirmək orucu pozmaz, amma əgər bu zaman ağzına nə isə qayıtsa, onu mütləq ağzından kənara çıxarmalıdır (tüpürməlidir), bu zaman orucu düzgündür.