İnsan xəstəliyi ilə əlaqədar orucunu pozmağa məcbur olub (dərman qəbul edib). Bu halda həmin günün orucunun kəffarəsi də ona vacibdir?

Şəriətimiz hər şeydən əvvəl insan həyatının toxunulmazlığına təkid edir. Əgər oruc tutmaq insan həyatı üçün ciddi təhlükə törədirsə və ağır xəstəliyə gətirib-çıxarırsa, bu halda həmin təhlükədən xilas olmaq üçün tələb edilən şəkildə orucu pozmaq olar. Məsələn, gün ərzində insanın səhhətində ciddi problem yaransa və mütləq dərman qəbul etməsi lazım gəlsə (iynə vurmaq yolu ilə problemi aradan qaldırmaq mümkün deyilsə), bu halda dərman içmək icazəlidir. Yaxud sağlamlıqda yaranan ciddi problem üzündən mütləq qida qəbul etmək zərurəti yaransa, problemi aradan qaldıracaq qədər yemək olar. Bu zaman vəziyyətdən sui-istifadə etmək olmaz, yəni gərək insan onun sağlamlığına olan təhlükəni aradan qaldırmaq üçün bəs edəcək miqdardan artıq yeyib-içməsin. Təkcə dərman qəbul etməklə problem aradan qalxırsa, yemək yeməsin. Bu kimi hallar zərurət üzündən yarandığı üçün insanın öhdəsinə kəffarə gəlməz. Yalnız Ramazan ayı bitdikdən sonra sağlam halda hər günün əvəzində bir gün oruc tutmaq kifayətdir.