Bismillahsız kəsilmiş heyvan dərisindən tikilən ayaqqabının və ya pulqabının üzəri rənglə örtülüb. Bu əşyalardan rütubətli halda istifadə etmək olarmı?
Şəriətə görə bismillahsız kəsilmiş heyvanın əti yeyilmədiyi kimi, dərisi və yağı da murdar sayılır. Belə dəridən hazırlanmış əşya islansa, toxunduğu başqa əşyalara da murdarlığı ötürər. Ona görə bismillahsız kəsilmiş heyvanın dərisindən tikilən ayaqqabı, kəmər, pulqabı kimi geyim və aksessuarlardan istifadə edilməsə yaxşıdır. Çünki bunlar adətən ya tərləyir, ya da su ilə təmasda olur. Bu halda onlara toxunan bədən üzvləri, geyimlər, əşyalar da murdarlığa bulaşır, bunlarla namaz qılmaq da olmaz. Bəzən qeyri-müsəlman ölkələrindən gətirilmiş dəri məhsullarının üzərinə rəng və ya lak çəkilir. İnsanlar elə düşünürlər ki, həmin rəng və lak təbəqəsi rütubətlə dəri arasında maneə yaradır, buna görə də həmin dəridən istifadə etmək olar. Amma unutmaq olmaz ki, rəng və lak özü də nəm halda çəkilir və dəriyə toxunduqda o da murdar olur. Quruduqdan sonra ona toxunmaqla murdarlıq keçməz. Amma rəng və lak təbəqəsinin özü də nəm olduqda murdarlığı kənara ötürəcək. Buna görə də bu cür məmulatlardan istifadə etməmək məsləhətdir.