İşdə şərait olmadığına görə adam səhər evdə dəstəmaz alıb çıxır və günorta namazlarını işdə həmin dəstəmazla qılır. Bu iş icazəlidirmi?
Ola bilər ki, insanın işdə düşdüyü mühit onun dəstəmaz alması üçün uyğun olmasın. Bu problemi həll etmək üçün digər yerdə dəstəmaz almaq icazəlidir. Dəstəmaz almaq üçün konkret vaxt yoxdur. Kifayətdir ki, insan “pak olmaq üçün dəstəmaz alıram” deyə niyyət edib dəstəmaz alsın. Bu dəstəmaz pozulana kimi onunla istənilən qədər namaz qılmaq icazəlidir. Dəstəmazı pozan hallar isə şəriət kitablarında (risalədə) ətraflı qeyd edilir.
Dəstəmazın bəzi vacib olmayan, müstəhəb (bəyənilən, arzu edilən) və məkruh (bəyənilməyən) şərtləri də vardır. Bu şərtlərdən biri budur ki, insan ayaqyoluna getmək ehtiyacı olduğu halda namaz qılmasın; bu cür namaz qılmaq məkruhdur. Əgər insan çox əvvəldən dəstəmaz alıbsa və namaza başladığı zaman ayaqyoluna ehtiyac hiss edirsə, yaxşı olar ki, əvvəlcə özünü rahatlasın, sonra dəstəmaz alıb namazını qılsın. Amma təkrar edirik ki, bunsuz namaz qılmaq günah yox, bəyənilməzdir, yəni savabı azdır. Əgər insanın namazdan qabaq dəstəmazı təzələmək üçün heç cür şəraiti yoxdursa, o halda bu məkruhluq şərti də aradan götürülür.