Namaz qılan zaman insanın köynəyi yuxarı qalxıb beli görünsə, namaz düzgün sayılırmı?

Namaz zamanı rıayət edilməsi vacib olan bəzi şərtlər geyim və örtü ilə bağlıdır. Belə ki, qadınlar namaz zamanı tam şəkildə hicaba riayət etməlidirlər.
Sifət, biləkdən aşağı əllər və topuqdan aşağı ayaqlardan başqa qadının heç bir bədən üzvünün namazda açıq qalmasına icazə verilmir.
Əgər qadın namaz zamanı qəsdən bu cür hicaba riayət etməsə, namazı batil sayılır. Namaz əsnasında göstərilən miqdardan kənar bədən üzvünün qəflətən açıldığını bilən kimi qadın dərhal həmin hissəni örtməli və namaza davam etməlidir.
Kişilərin geyimi ilə bağlı məhdudiyyət bundan ibarətdir ki, namaz zamanı heç olmasa göbək ilə dizlər arasındakı hissə örtülməlidir. Əlbəttə, uca Allah qarşısında durduğunu düşünərək kişinin öz bədənini bundan daha çox örtməsi və kamil geyimə riayət etməsi yaxşıdır.
Əgər namaz zamanı kişinin köynəyinin altından beli görünsə, namaza maneçiliyi yoxdur. Amma yaxşı olar ki, bunu bildikdə belinin açıqda qalmamasına çalışsın.