Kirvənin qızı ilə evlənmək olarmı?
Xalq ənənəsinə uyğun olaraq oğlan uşağının sünnət mərasimində yaxından iştirak edən şəxs kirvə adlandırılır.
Kirvə ailənin ən yaxın adamlarından biri sayılır, onu bəzən yaxın qohumlardan da üstün bilirlər. Bəzən həmin oğlanın böyüdükdə kirvənin qızı ilə evlənməsini də qeyri-məqbul hesab edirlər. Düşünürlər ki, kirvənın qızı oğlanın bacısı qədər yaxındır.
Lakin şəriət hökmlərində kirvə anlayışı yoxdur. Şəriətə görə evlənməsi haram (qadağan) olan şəxslərə məhrəm deyirlər.
Bura şəriətdə qeyd edilmiş bəzi ailə üzvləri, eləcə də evlənmə və südvermə yolu ilə məhrəm olmuş şəxslər aiddir. Kirvənin qızı və digər qohumları bu siyahıya daxil deyil.
Şəriətdə məhrəm olmayan şəxslər isə naməhrəm hökmünə şamildir və naməhrəmlə ailə qurmaq qadağan deyildir.
Oğlanla öz kirvəsinin qızı və digər ailə üzvləri bir-birinə naməhrəmdirlər və bunların evlənməsinə şəriət baxımından qadağan qoyulmur.