Göz əməliyyatından sonra insan başını üfüqi vəziyyətdən daha aşağı sala bilmir. Bu halda səcdəni necə etməlidir?
Namazın vacib əməllərindən biri də hər rükətdə qoşa səcdə etməkdir. Səcdə zamanı yeddi bəzədn üzvü – alın, iki əlin ovcu, iki diz qapağı və ayaqların baş barmaqlarının ucu yerə dəyməlidir.
Bəzən müəyyən üzürlü səbəblər üzündən səcdənin bir qədər fərqli şəkildə yerinə yetirilməsinə icazə verilir. Əgər namaz qılan şəxs xəstəlik və ya zədə üzündən normal şəkildə səcdə edə bilmirsə, vəziyyətinə uyğun olaraq səcdəni yüngülləşdirilmiş şəkildə icra edə bilər.
Başını aşağı salması sağlamlığı üçün təhlükə olan adam imkan dairəsində başını üfüqi vəziyyət alana kimi əyməlidir. Bu zaman qalan altı səcdə üzvünü (ovucların içi, dizlər və ayaq barmaqları) yerə qoymalı, alnını qoyduğu yeri isə yuxarı qaldırmalıdır.
Məsələn, qarşısına kətil qoyub möhürü kətilin üzərinə qoymaqla bunu edə bilər. Əgər belə bir şərait yoxdursa, səcdə zamanı bir əli ilə möhürü qaldırıb alnına toxundurması da icazəlidir.
Əgər alnını üfüqi vəziyyətə kimi əyməsi də mümkün deyilsə, o halda diz üstə oturmuş vəziyyətdə gözü ilə, yaxud başqa yolla işarə edərək səcdəni yerinə yetirməlidir.