İslam suallarda

“Bəqərə” surəsində şərabda insanlar üçün mənfəət olduğu barədə buyurulması şərabın icazəli olmasına sübut sayıla bilərmi?

“Bəqərə” surəsinin 219-cu ayəsində buyurulur: “Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır.

Lakin günahları mənfəətlərindən daha böyükdür”. Ayədə Allah-Taala əvvəlcə şərab və qumarın böyük günah olduğunu aşkar şəkildə vurğulayır.

Yalnız bundan sonra bunlarda insanlar üçün mənfəət olduğunu buyurur. Buradakı mənfəət dünya qazancına aiddir. Həqiqətən, həm Quranın nazil olduğu dövrdə, həm də sonralar şərab alveri və qumar ən böyük qazanc mənbələrindən biri sayılırdı.

Lakin bir əməlin insanların gözündə qazanclı və mənfəətli olması onun Allahın nəzdində xeyirli və bərəkətli sayılması mənasını verməz. İçkidən əldə edilən qazanc nə qədər çox olsa da, haramdır və Allah tərəfindən bəyənilmir. Bəzi tədqiqatçılar İslamda içkinin mərhələlər üzrə qadağan edildiyini və 4 ayədə içki ilə bağlı hökmün tədricən sərtləşdiyini iddia edirlər.

Bu iddiaya görə şərab əvvəlcə qəti şəkildə haram olmamış, yalnız zaman keçdikcə bir ayə başqası tərəfindən nəsx (ləğv) olmaqla içkidən istifadə tam qadağan edilmişdir. Lakin təfsirçilərin bir qismi bu iddianı qəbul etmir, şərabın haram olması ilə bağlı hökmün dəyişmədiyini, həmişə haram olduğunu söyləmişlər.

Onların fikrincə, şərabla bağlı ayələr bir-birini nəsx (ləğv) etmir, sadəcə bu ayələrdə şəraba münasibət fərqli yönlərdən təqdim edilmişdir.

Daha çox göstər
Back to top button