İslam suallarda

Aşura şəhidlərinin sayı neçədir?

Kərbəla şəhidlərinin sayı barədə tarix kitablarında dəqiq və yekdil rəy yoxdur. Həm qədim, həm də müasir mənbələrdə şəhidlərin sayı ən müxtəlif ədədlərlə ifadə olunur.

Fərqli mənbələrdə 61, 72, 78, 82, 87 və 145 ədədlərini ifadə edən nəzəriyyələr vardır. Məsələn, İbn Əsir, Bəlazuri, Təbəri, Şeyx Müfid Kərbəla şəhidlərinin sayı 72 nəfər göstərmişlər.

Şeyx Abbas Qummi “Müntəha-l-amal” əsərində İmamın qoşununun tərkibi barədə müxtəlif nəzəriyyələrin mövcudluğunu bildirərək, onlardan üçünü diqqətəlayiq hesab edir:

32 süvari və 40 piyada, 32 süvari və 82 piyada, 45 süvari və 100 piyada. Seyyid Mühsin Əmin Amiliyə görə Bəni-Haşim şəhidlərinin sayı 30, qalan şəhidlərin sayı isə 106-dır. Məsudi bir kitabında 61, digər kitabında 87 rəqəmini vermişdir. “Ziyarəti-Nahiyeyi-müqəddəsə”də 80 nəfər (17-si Bəni-Haşimdən), “Ziyarəti-rəcəbiyyə”də isə 88 nəfər (13-ü Bəni-Haşimdən) şəhidin adı çəkilir.

Mötəbər araşdırmalara görə, Aşura günündə Kərbəla səhrasında Bəni-Haşimdən olmayan 88 nəfərin şəhid olması şübhəsizdir. Bunlardan əlavə, daha 9 nəfərin də şəhid olması ehtimal edilir. Bəni-Haşim şəhidlərinin sayına gəlincə, onların ən azı 17 nəfər olduğu qəti məlumdur.

Bu 17 nəfərdən əlavə, daha 10 nəfər Haşimi şəhidinin adlarına mənbələrdə rast gəlirik. Beləliklə, ümumilikdə Aşura şəhidlərinin sayı 105 ilə 124 arasındadır.

Daha çox göstər
Back to top button