Şadlıq və yas tədbirlərini həyata keçirmək üçün (kəbin kəsmək və hüzr məclisini aparmaq) zəhmət haqqı almaq olarmı?
Kəbin kəsmək və digər bu kimi ayin xidmətləri göstərmək üçün zəhmət haqqı almaq (şirinlik, gözaydınlığı kimi) dini baxımdan günah deyil.
İnsan müəyyən işlərə öz vaxtını və zəhmətini sərf edirsə, bunun əvəzində muzd alması da icazəlidir. Matəm məclisləri ilə bağlı edilən xidmətlərdə də bu keçərlidir. Hüzr məclisini idarə etmək, ölünün ruhuna Yasın və Quran oxumaq üçün zəhmət haqqı almaq günah deyil, əlbəttə, bu zaman insaflı davranmaq lazımdır.
Dünyasını dəyişmiş şəxslə bağlı bəzi ayinlərin icrası üçün isə muzd almaq şəriətə görə icazəli deyil. Hər bir müsəlmanın cənazəsini şəriətə uyğun şəkildə yuyub kəfənləmək, cənazəsinə meyyit namazı qılmaq və dəfn etmək muzdsuz icra edilməlidir.
Bu əməllərə “vacibi-kifayi” deyilir, yəni bir müsəlman cənazəsi üçün bu ayinlərin yerinə yetirilməsinə hamı cavabdehdir. Əgər heç kim bunları etməsə, orada olan bütün müsəlmanların öhdəsində bu vəzifə qalır, əgər kimsə bu işləri görsə, qalanların boynundan vəzifə götürülür.
Amma bu işlərin icrası üçün sərf olunan materialın (kəfən, sidr-kafur) pulunu ölü sahibindən almağın günahı yoxdur.
Cənazəni qüsl-kəfən etmək, qəbir qazmaq, meyyit namazı qılmaq üçün pulu isə hədiyyə niyyəti ilə vermək mümkündür.