Söyüş söyən adama söyüşlə cavab vermək icazəlidirmi?
Dinimizdə ən böyük günahların bir qismi dil ilə bağlı olan günahlardır. Hətta bəzi hədislərdən məlum olur ki, digər bədən üzvləri dilin etdiyi günahlardan Allaha şikayət edərlər. Dilin günahlarına yalan, qeybət, söyüş, şit zarafat, təhqir, iftira, yaltaqlıq kimi əməllər aiddir. Söyüş ən çox məzəmmət edilən dil günahlarından biridir. Bu, elə bir günahdır ki, insan məsuliyyətsiz davransa və ondan xilas olmağa səhlənkarlıq etsə, vərdişə çevrilər. Dinimizə görə başqasını söyməklə yanaşı, söyüşə söyüşlə cavab vermək də günahdır. İnsan başqasından təhqir görəndə bunun qarşısını təhqirsiz şəkildə almağa çalışmalı, qarşı tərəfi öz gözəl əxlaqı ilə susdurmağa çalışmalıdır. Əgər bunun faydası olmasa, susmaq və həmin yerdən uzaqlaşmaq məsləhətdir. Peyğəmbərimiz və imamlarımız, onları söyən şəxslərə nəinki eyni şəkildə cavab verməmiş, hətta onlarla mehriban davranmış, xoş sözlərlə təhqirin qarşısını almışlar. Bunun nəticəsində həmin şəxslərin bir çoxu öz əməlindən peşman olmuş və tövbə edərək üzr istəmişdir. Bu cür hərəkət bəzilərinin gözündə qorxaqlıq kimi görünsə də, Allahın bəyəndiyi davranışdır.