İslam suallarda

Niyə İmam Hüseynin (ə) Kərbəladakı məzarını “altugüşəli (şeşguşə) qəbir” adlandırırlar?

Kərbəla faciəsinin təsvirinə həsr edilmiş Azərbaycan və fars dillərindəki növhə və mərsiyələrdə İmam Hüseynin (ə) qəbrini “şeşguşə”, yəni altuguşəli, altıbucaqlı qəbir adlandırırlar. Həqiqətən, Kərbəlada İmam Hüseyn (ə) hərəmindəki müqəddəs məzarın üzərindəki zərih (məhəccər) altıbucaqlı formasındadır. Zərihin planı bir ədəd iri ölçülü dördbucaqlıya bitişik nisbətən kiçik ölçülü başqa bir dördbucaqlıdan ibarətdir. Hələ qədimlərdən İmam Hüseynin (ə) məzarı üzərindəki zərih bu formada hazırlanırdı, ona görə də xalq arasında “altuguşəli məzar” kimi tanınırdı. İmam Hüseynə (ə) aid olan zərihin daxilində həm o həzrətin özünün, həm də böyük oğlu, Aşura günündə şücaətlə döyüşüb şəhid olmuş Əli Əkbərin mübarək nəşi dəfn edilmişdir. İmama aid olan məzar yeri bir qədər iri ölçülü dördbucaq formadadır. Onun ayaq tərəfində dəfn edilmiş Əli Əkbərin məzarı üçün nisbətən kiçik yer ayrılıb. Hər iki qəbir birlikdə eyni zərihin içərisinə daxil edilib, buna görə qəbir ümumilikdə altıbucaqlı formaya sahibdir. Bəzi rəvayətlərə görə, altıaylıq şəhid Əli Əsğərin də qəbri zərihin daxilindədir.

Daha çox göstər
Back to top button