Zarafat məqsədi ilə yalan danışmaq olarmı?
Yalan dilin ən böyük günahlarından biridir. Ümumilikdə bədən üzvləri arasında ən böyük və ən zərərli günahlar edən üzvün dil olduğunu yazırlar. Yalan insanı cəmiyyət içində hörmətsiz və etibarsız edən əməldir. Yalan danışan adam insanlar arasında etimadını itirər, ona qeyri-ciddi insan kimi baxarlar, düz sözünə də inanmazlar. Yalan elə bəlalardandır ki, insan təkrar etdikcə buna öyrəşər və axırda yalançı kimi tanınar. Ona görə də bəzi hallar istisna olmaqla həqiqətdən uzaq, yalan söz danışmaq dinimizdə bəyənilmir. Hətta zarafat məqsədilə olsa belə, yalan danışmaq olmaz. Yalnız bəzi hallarda, məsələn, müharibə zamanı hərbi fənd işlədərkən, ərlə arvad arasında mehribanlıq yaratmaq üçün və küsülüləri barışdırmaq məqsədi ilə həqiqətdən uzaq söz danışmaq icazəlidir. Qalan hallarda yalan danışmaqdan çəkinmək, doğrunu söyləməklə ziyan yaranacaqsa ən azından susmaq məsləhətdir.