İslam suallarda

Namaz zamanı artıq hərəkətə yol vermək namazı pozurmu?

Namaz bəndənin Allahla “görüşü”, “söhbəti” və hədislərə görə “bəndənin meracı”dır. Bu ibadəti bacardıqca məsuliyyətlə, Allahın böyüklüyünə və əzəmətinə layiq şəkildə yerinə yetirməliyik. Namaz zamanı qiblədən dönmək qəti şəkildə olmaz. İstər qəsdən, istərsə də bilməyərəkdən qiblədən dönməklə müşayiət olunan hər bir əməl namazı pozar, bu halda namazı başdan başlamaq lazımdır. Namaz zamanı qəsdən danışmaq, ucadan qəhqəhə çəkib gülmək, durduğu yerdən hərəkət etmək də olmaz. Gülümsəmək, barmaqları və əlləri tərpətmək, gözü dolandırıb ətrafa baxmaq, namaz əməllərindən olmayan xırda hərəkətlər etmək namazı pozmasa da, məkruh sayılır (namazın savabını azaldır). Dünya işlərindən ötrü ağlamaq namazı pozar, amma axirətdən ötrü, cəhənnəm qorxusundan, Allahın şövqündən ağlamaq maneçilik yaratmaz. Namaz zamanı bilməyərəkdən danışan adam namazını davam etməli, axırda qoşa səhv səcdəsi yerinə yetirməlidir. Asqırmaq, öskürmək, gəyirmək, bədən üzvünü qaşımaq, zərərli həşəratı qovmaq namazı pozmaz, amma bu zaman qiraəti (surə oxunuşunu saxlamaq, bədən aram olandan sonra davam etmək lazımdır).

Daha çox göstər
Back to top button