Namaz zamanı nəyin üzərinə səcdə etmək olar?
Əhli-sünnə məzhəbinə görə səcdə yerinin şərtləri barədə məhdudiyyətlər azdır. Murdar olmayan səthlərin əksəriyyətinin üzərinə səcdə etmək olar. Səcdə yeri ümumi yer səthindən yarım arşından (12 barmaq eni) artıq yüksək olmamalıdır. Xalçanın, paltarın üzərinə, hətta buğda və arpanın üzərinə səcdə etmək caizdir. Şiə məzhəbinə görə, yerə və yerdən çıxan (bitən), yeyilməyən və geyilməyən əşyaların üzərinə səcdə etmək caizdir. Torpağın üzərinə yaxud müqəddəs məkanların (xüsusilə Kərbəlanın) torpağından hazırlanmış möhürün üzərinə səcdə etmək daha böyük savaba malikdir. Səcdə yeri ümumi səthdən 4 barmaq enindən artıq yüksək və ya alçaq olmamalıdır. Titrəyən, tərpənən, bərk olmayan səthlərə (məsələn, su və duru palçıq üzərinə) səcdə etmək olmaz. Əgər torpaq, qum, daş, taxta qismindən maddə tapılmazsa, kağız parçasının üzərinə də səcdə etmək icazəlidir. Xalça, paltar və sairə parça qismindən olan materialların üzərinə səcdə etmək şiə məzhəbinə görə icazəli deyil.